Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürülərək yekdilliklə qəbul olundu. Həm növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam, həm də cənab İlham Əliyevin Prezidentliyə namizədliyi özündə bütün məqamları, Azərbaycanın dünəninə baxış əsasında qarşıdakı dövrün hədəflərini ehtiva edir.
Hər dövrün öz tələbləri vardır. Çox da uzaq olmayan tarixə, 2018-ci ilin prezident seçkilərinə nəzər salaq. Ölkədə keçirilən hər bir seçki prosesi əldə olunan uğurların və onların fonunda müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir. Qarşıdakı dövr üçün verilən proqnozlar özünü doğruldur, müəyyənləşdirilən hədəflər gerçəkliyə çevrilir. 2018-ci ilin 11 aprel seçkilərində də hədəflər dəyişməz idi. Belə ki, torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı, Azərbaycanın informasiya cəbhəsində üstünlüyünün təmin edilməsi 2018-ci ildən sonrakı 7 ilin əsas prioritetləri idi. Cənab İlham Əliyev 2018-ci ildə keçirilən andiçmə mərasimində bu çağırışı etmişdi: “Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.»
Dövlət başçısı İlham Əliyev həmin andiçmə mərasimində 15 ilin hesabatını verdi, növbəti illərin hədəflərini açıqladı. Bu gün isə 20 ilin uğurlarına baxış əsasında qarşıdakı dövrdə görüləcək işlərdən bəhs edilir. Sözügedən andiçmə mərasimində “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir» söyləyən cənab İlham Əliyev onu da bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir: «Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır.»
Cənab İlham Əliyev bu ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində « Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi» söylədi. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq dünyada Azərbaycanla hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Qarabağ münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdı. Eyni zamanda, güclü iqtisadiyyat qurduq. Son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Dövlət başçısı İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın, güclü ordun olmalıdır.
Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu döyüş meydanında sübut etdi. Həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda bu ilin 19 sentyabr tarixində cəmi 23 saat davam edən antiterror əməliyyatı gücümüzü göstərdi. Yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycan xalqı Silahlı Qüvvələrimizlə fəxr edir.
Arxada qalan illər tariximizin öyrənilməsinin və təbliğinin, dövlətçilik, müstəqillik ənənələrinin qorunmasının da dövlət siyasətimizin əsası olduğuna işıq salır. Ölkə Prezidenti İlham Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamını, həmçinin 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsini xüsusi vurğulamalıyıq. Tarix heç zaman unudulmur. Prezident İlham Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamı tarixmizə verilən dəyər, həqiqətlərimizin təbliği istiqamətində atılan addımların mühüm tərkib hissəsidir. Zaman-zaman ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar bəşər sivilizasiyasının ən qanlı, qaranlıq tarixidir. Ötən əsrdə imperiya siyasətinin quluna çevrilən daşnakların Azərbaycan xalqına qarşı apardıqları soyqırımlarda qətlə yetirilən soydaşlarımızın üzləşdikləri faciələrin, vəhşiliklərin analoqu yoxdur. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra tariximizin obyektiv mənzərəsinin yaradılması üçün geniş imkanlar əldə olundu. Ümummilli Liderin fəaliyyətinin əsas tərkib hissələrindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, həqiqətlərimizin, ermənilərin əsl simasının dünya ictimaiyyətinə çatdırılması oldu. Ulu Öndərin ilk görüşünün ziyalılarla olması da təsadüfi deyildi. Tarixin saxtalaşdırılmasına yol verməməyə çağırış edən Ümummilli Lider faktların dili ilə kitabların yazılmasını və müxtəlif dillərə tərcümə edilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanında ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərinə adekvat siyasi qiymət verilmiş və 31 mart «Azərbaycanlıların Soyqırımı Günü» elan edilmişdir. Məlum Fərman dünyaya tarixi həqiqətlərə həqiqət gözü ilə baxmaq üçün çağırış oldu. Son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev dəfələrlə Azərbaycan Milli Elmlər Akademiyasının yığıncaqlarında iştirak etmiş, tariximizlə bağlı araşdırmaların miqyasının genişləndirilməsi ilə bağlı tapşırıqlarını vermişdir. Prezidentimizin «1918-ci il azərbaycanlıların soyqırımı haqqında» Sərəncamı təbliğat işimizin daha da gücləndirilməsində stimulverici amildir.
Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» Sərəncamı imzalamaqla, həmçinin 2018-ci ili «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan etməklə xalqımızın keçmişinə hər zaman sahib çıxdığını, dəyərlərimizi qoruduğunu, hörmətlə yad etdiyini bildirən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bu sahədəki siyasətinə də sadiqliyini göstərdi.
Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarını qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və həqiqətə çevrilməsinə zəmin yaratdı. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan Xalq Cümhuriyyətindən miras qalan istəklərin daha geniş və müasir tələblərə uyğun tətbiqinin nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə eyni sırada addımlayır, beynəlxalq siyasətdə mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki illərdə Azərbaycan həqiqətlərini təbliğ etmək üçün müxtəlif ölkələrə getmək zərurəti yarnırdısa, bu gün artıq ölkəmiz müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə malik olduğu imkanlarını, reallıqlarını dünyaya çatdırır.
Dövlət başçısı İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik» fikirləri keçilən yolun təhlili fonunda özünün aydın ifadəsini tapır. Təbii ki, bu fikirlərin təsdiqi bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması oldu. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, gələcəyə böyük inamı nəticəsində yazılan Zəfər tarixi qalib Azərbaycanın qarşısında yeni imkanlar açdı. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi.
Dövlət başçısı İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məqama xüsusi diqqət yönəltmişdir ki, işğal dövründə hətta bir çox hallarda məndə də artıq belə bir fikir formalaşmışdı ki, dünyada ədalət yoxdur: «Əminəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu fikrə şərik idi. Çünki bu dərəcədə ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni, haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur.”
Elçin Nəsibov,
Sabirabad rayonu "Muğanın Səsi" qəzetinin baş redaktoru