• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan, Zəfər Günün mübarək!

  • 07.11.2023, 17:27, Baxış sayı:
  • 107
Azərbaycan, Zəfər Günün mübarək!
8 Noyabr- Zəfərimizin qızıl tarixisən! Şanlı qələbəmizin simvolusan! Anaların göz yaşının məlhəmisən! Əsir yurdlarımızın xilasısan! Biz bu günü çox gözlədik, çox xəyal etdik, 30 ilə yaxın düşmən taptağında olan yurdlarmızın həsrətilə alışdıq yandıq. Nəhayət o gün gəldi, nəhayət AZƏRBAYCAN öz sözünü dedi, öz haqq səsini dünyaya bəyan elədi. Cahana səs salan zəfərimiz, qürurumuz, mənəvi dünyamızın məşəli oldun -8 Noyabr! Yuxusuz gecələrimizin nuru oldun! Bizi torpaqlarımıza qovuşdurdun. Tökülən qanların təsəllisi oldun. Uzun illər yurd həsrəti çəkib, vətənini, doğulub boya başa çatdığı torpaqları yalnız yuxularında görən mən və mənim kimi yurd həsrəti çəkən neçə-neçə ürəyə su səpdin, Zəfərim! Paramparça olan vətənimizə, şanlı ordumuza, qanlarıyla qələbəni bizə bəxş edən şəhidlərimizə, qazilərimizə, lazımı məqamda dəmir yumruğa çevrilən millətimizə bu qələbə çox yaraşdı. Ərməğan etdiyin bu zəfərin gəlişi çox möhtəşəm oldu. Gəlişinin tarixçəsi isə oxuduqca, dinlədikcə insanın, hər bir Azərbaycan vətəndaşının, qəlbində Azərbaycan sevgisi, damarında Azərbaycan qanı axan hər kəsin iliklərinə qədər şərəf hissi ilə dolmasına müvəffəq oldu.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər Yürüşünə başladı. Hərb tarixində tayı-bərabər olmayan, unikal əməliyyatların nəticəsidə 44 gün ərzində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Noyabr ayının 8-də 28 illik həsrətdən sonra xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan, Qarabağ üzüyünün zümrüdü, yaqutu olan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. O qeyd edirdi ki, Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyatdır. Hansı ki, bu əməliyyat dünya hərb tarixində artıq öz xüsusi yerini tutmuş, hətta dünya hərb akademiyalarının dərsliklərində belə öz əksini tapmışdır.
Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir. Ulu Öndər Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – demişdi. Cənab Prezidentimiz Ulu Öndərin arzusunu reallaşdıraraq məhz bunları qeyd etdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Nəticə etibarilə, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanı məğlubiyyəti ilə barışdırdı və kapitulyasiya ilə nəticələndı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-inı Azərbaycan Respublikasında Zəfər Günü kimi əbədiləşdirmək qərarını verdi.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq obrazını ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Kitabi Dədə-Qorqud dastanından irəli gələn ənənələrimizə, köklərimizə sadiq qalaraq “Torpağı əkib-becərmədinsə, onu qorumağa, qorumadınsa, onu əkib-becərməyə dəyməz” deyərək, doğma torpaqlarımızı qoruduqdan, onları geri aldıqdan sonra “əkib-becərməyə” başladıq. Bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 3 ildə reallaşdırıb. Hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elekttik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Elə bu məqsədlə də Prezident İlham Əliyev noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu gün mühüm hədəflərdən biri işğaldan azad edilmiş torpaqlarımızda bərpa - quruculuq işlərinin sistemli şəkildə reallaşması və yüksəliş dövrünün başlanmasıdır. Burada məqsəd Böyük qayıdışa uyğun proqramların hazırlanmması və icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni xüsusi mərhələyə qədəm qoymaq deməkdir. Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində rolunu daha da gücləndirəcək. Hazırda işğaldan azad olunmuş əksər bölgələrimizə, xüsusən də Şuşaya nəqliyyat reysləri vasitəsi ilə yüzlərlə şəxs səfər edir. Bu imkanlardan yararlanaraq yaxınlarda yuxarıda vurğuladığım Böyük Qayıdış planının bir elementi olan “Yolumuz Qarabağa” lahiyəsi çərçivəsində mən də gözəl Şuşaya qədəm qoydum, Cıdır düzündə gəzdim. Şanlı ordumuzun dünyanı heyrətləndirən döyüş meydanında addımladıqca qəlbim fərəhlə çırpındı və 44 günlük Vətən Müharibəsi pərdə-pərdə gözümün önündə canlandı. İlahiyə ədaləti, haqqı təmin etdiyi üçün, həmin gün orada olmağı bizlərə nəsib etdiyi üçün dəfələrlə şükürlər etdim. Bəli, Şuşada olduğum andan etibarən mən bir daha bu qələbənin sehrinə düşdüm. Artıq düşmən yoxdu. QOVDUQ ONLARI TORPAĞIMIZDAN! Artıq hər yerdə quruculuq işləri gedir. Mənfur düşmənin məmləkətimizə vurduğu yaralar sağalır. Vətən gündən günə gözəlləşir.
Artıq Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Allah bu yolda öz qanından, canından keçərək bizlərə bu sevinci yaşamağı nəsib edən şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı, uzun ömür nəsib etsin.
Cənnətimiz Qarabağ, Məğrur Azərbaycan xalqım, Zəfər günümüz mübarək!

Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter