• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Heydər Əliyev və müasir dövlət quruculuğu

  • 11.10.2023, 19:42, Baxış sayı:
  • 170
Heydər Əliyev və müasir dövlət quruculuğu
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin demokratik və hüquqi dövlət quruculuğu sahəsində oynadığı müstəsna rolu obyektiv şəkildə dəyərləndirmək üçün yeni müstəqil Azərbaycan dövlətinin təşəkkül tarixinin ictimai-siyasi baxımdan səciyyəvi xüsusiyyətlərini araşdırmağa və inkişaf yolunu təhlil etməyə ehtiyac vardır. Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində, “Heydər Əliyev İli”ndə bu mövzu xüsusi aktuallığı ilə seçilir. Belə ki, Azərbaycanda dövlət və dövlətçilik anlayışlarının əsl mahiyyəti, ilk növbədə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dönəmdəki fəaliyyətində öz əksini tapmışdır.
Öncə qeyd etmək vacibdir ki, Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini həyatın bütün sahələrini əhatə edən çoxşaxəli fəaliyyət istiqamətlərinə uyğun olaraq milli mənəviyyatın formalaşması, tarixi soy-kökə qayıdış və azərbaycançılıq prinsipləri təşkil etmişdir. Ciddi işgüzar keyfiyyətlər tələb edən fenomenal iş üslubu onun hələ Sovetlər Birliyi dövründən bəri topladığı zəngin idarəçilik təcrübəsinə söykənirdi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr – 1969-1982-ci illər müasir Azərbaycanın inkişaf tarixinə ilk dönüş mərhələsi kimi yazılmışdır. Belə ki, məhz həmin illərdə müəyyənləşmiş fundamental strateji istiqamətlər sonrakı müstəqillik dövrünün sosial-iqtisadi bazasına çevrildi. Ümummilli lider keçmiş SSRİ miqyasında Azərbaycanı ən geridə qalmış müttəfiq respublikadan mərkəzdən iqtisadi asılılığı olmayan öncüllər sırasına çıxarmağa nail olmuşdu. Ölkəmizdə nəhəng sənaye müəssisələrinin tikilməsi, hərbi məktəblərin açılması, bütün sahələr üzrə yüksək ixtisaslı milli kadrların hazırlanması, respublikanın misli görünməyən iqtisadi dirçəlişı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Təəssüf ki, Heydər Əliyev 1987-ci ildə Kremldən uzaqlaşdırıldıqdan sonra respublikada başlayan və müstəqillik çağırışları ilə müşayiət olunan xalq hərəkatı həm də ona göstərilən ədalətsiz münasibətə etirazın təzahürü idi. 1987-ci ildə Heydər Əliyev Moskvada istefa verdikdən dərhal sonra ittifaqın ermənipərəst rəhbərləri keçmiş Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm də 1988-ci ildə 300 minədək soydaşımızın Ermənistandan kütləvi deportasiyası ilə nəticələndi. Sonrakı hadisələrin gedişi onu deməyə əsas verir ki, məhz bu hadisələr o dövrdə Azərbaycanın milli-azadlıq hərəkatına təkan verən əsas amillərdən biri olmuşdur. AXC-Müsavat cütlüyü isə antimilli və xəyanətkar mövqeyi ilə bu hərəkara yamaq kimi qoşularaq hakimiyyəti ələ keçirmək üçün fürsət axtarırdı. Çox keçmədi ki, Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran Sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı il qanlı 20 Yanvar faciəsi ilə nəticələndi. Bu hadisəyə ilk olaraq kəskin etirazını bildirən, ən cəsarətli və obyektiv siyasi qiymət verən də Heydər Əliyev oldu. O, əsl liderə məxsus mövqeyini ortaya qoydu və həyatı üçün real təhlükələrdən çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək oradan beynəlxalq aləmə tarixi bəyanat ünvanladı.
1990-cı ilin iyulunda Bakıya gələn Heydər Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin sədri seçildikdən sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Məhz həmin illərdə təzahür edən ekstremal vəziyyətlərdə Heydər Əliyev əsl dövlət adamı, lider kimi fövqəladə keyfiyyətlərini nümayiş etdirdi. O, yüksək səviyyəli dövlətçilik və idarəçilik nümunələri ilə böyük dövlətlərin diqqətini Naxçıvanın problemlərinə cəlb etməyə nail oldu.
Ölkədə hakimiyyət uğrunda daxili çəkişmələrin kulminasiya nöqtəsi kimi Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri respublikanı faktiki olaraq real vətəndaş müharibəsinə sürüklədi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Çünki bu böyük insan ümumxalq inamını, etibarını artıq o zamanadək xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Ulu öndərin obyektiv tarixi zərurət kimi 1993-cü ilin iyun ayında ölkə rəhbərliyinə gəlişi Azərbaycanın qurtuluş təqvimi, ölkənin inkişaf strategiyasının dönüş nöqtəsidir.
Azərbaycanda dövlət orqanlarının fəaliyyətini və dövlətçiliyi bərpa etmək məqsədilə 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın dərin etimadı ilə ölkə Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev ölkəmizin inkişaf paradiqmalarını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq dəqiq müəyyənləşdirdi. Məhz Heydər Əliyevin yorulmaz, məqsədyönlü, ardıcıl və qətiyyətli mübarizəsi nəticəsində respublikamız hərtərəfli inkişafa nail oldu, ictimai-siyasi sabitlik, sülh və əmin-amanlıq bərpa edildi, demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi gerçəkləşdi. Bu baxımdan, dünyanın siyasi arenasında müstəqil subyektə çevrilmiş Azərbaycanda milli dövlətçilik ənənəsinin formalaşması, ilk növbədə, Heydər Əliyevin tarixi xidməti kimi dəyərləndirilməlidir.
Əsrə bərabər cəmi 10 il ərzində müstəqil Azərbaycan Respublikasının sükanı arxasında duran Heydər Əliyevin praqmatik xarici siyasəti nəticəsində dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar.
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ciddi uğurlar, sürətli iqtisadi inkişaf yolu ilə bölgədəki stabil lider mövqeyi məhz ulu öndərin müəyyən etdiyi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir… Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər də məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın dinamik inkişafını, ərazi bütövlüyünün bərpasını və xalqın xoşbəxt gələcəyini hədəfləyən müasir və mütərəqqi dövlətçilik ənənələrinə sədaqətin məntiqi nəticəsidir. Onun ən ümdə vəsiyyətinə əməl edərək və xalqın sarsılmaz həmrəyliyinə arxalanaraq tarixi torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru düşmən tapdağından azad etmiş Prezident İlham Əliyev bu gün ulu öndərin siyasi kursunu yeni çağırışlara uyğun əzmlə, uğurla inkişaf etdirməkdədir.
Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq insan hüquq və azadlıqlarına təminat verən demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesi Prezident İlham Əliyev tərəfindən yeni çağırışlar fonunda, yeni keyfiyyətdə ardıcıl surətdə davam etdirilməkdədir.

Ağadadaş Həsənov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter