Azərbaycan və Çinin iştirak etdiyi regional və beynəlxalq əməkdaşlıq daha da güclənir. Prezident İlham Əliyev Çinin “China Global Television Network” televiziya kanalına müsahibəsində iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı nəqliyyat məsələlərini xüsusilə qeyd edib. Bildirib ki, Azərbaycan 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna başlayıb. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Ölkəmiz mühüm tranzit ölkəsi olmaq arzusundadır, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. əsas məsələ qonşularla yaxşı münasibətlərin olmasıdır. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək mümkün deyildir. Ona görə də bu illər ərzində Azərbaycanın xarici siyasətinin tərkib hissəsi qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.
Cənab Prezidentin qeyd etdiyi kimi “Bir kəmər, bir yol” layihəsinə qoşularkən ölkəmizin artıq hazır infrastrukturu var idi. İndi isə texniki imkanlar artırılır. Azərbaycan öz ticarət limanını sürətlə genişləndirir, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bir neçə il əvvəl Ələtdə dəniz ticarət limanı istifadəyə verilib. Onun yükaşırma qabiliyyəti 15 milyon ton idi və hazırda isə onun imkanları 25 milyon tona qədər çatdırılır.
Ölkəmizin gəmiqayırma zavodları hazırda Xəzər dənizində daha çox gəmi istehsal edir. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik. Bu gələcəkdə yükdaşımaları artırmağa imkan verəcəkdir. Hazırda gəmiqayırma zavodunun genişləndirilməsi planlaşdırılır ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edilsin. Bu gün həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır. Hazırda Azərbaycanda qatarların sürətinin artırılması və daha çox yüklərin nəql edilməsi üçün mövcud dəmir yolu müasirləşdirilir. Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür.
Bu gün Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Daşınmaların həcminin artırılması məqsədi ilə çinli tərəfdaşlarımız və qonşularımızla həmin infrastruktur bağlantısının yaradılması üçün fəal iş aparılır. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir. Yükdaşımaların artırılması üçün tariflərlə bağlı vahid siyasət yaradılır, Gömrük qaydaları sahəsində daha geniş qarşılıqlı əlaqələndirmə qurulur. Gələcəkdə Azərbaycan və Çin arasındakı münasibətlər Azərbaycan vasitəsilə daha çox yüklərin daşınmasında vacib rol oynayacaqdır. Çinli jurnalist maraqlı faktlarla bölüşdü, bidirdi ki, Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 gün çəkir, əgər siyasi məsələlər olmasa, Transsibir marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir. Bunu təsdiqləyən Prezident İlham Əliyev bildirdi ki, “Bu, Azərbaycanın irəli sürdüyü və Türkiyə ilə Gürcüstandakı tərəfdaşlarımızın fəal dəstəyini almış yeni daşımalar yoludur, bağlantıdır və infrastrukturdur. 2017-ci ildə Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta Dəhlizlə daşımalar hələ ki, prioritetlərdən biri hesab edilmirdi. Buna görə, biz lazım olduğu qədər yüklərin daşınma həcminə sərmayələr yatırdıq. Biz həmin yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək”.
Ölkəmiz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışır. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək.
Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Azərbaycan dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırır və sadəcə, tranzit ölkə olmaq istəmir. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir gətirəcəkdir.
Həmçinin Azərbaycanda böyük sənaye zonaları yaradılması nəzərdə tutulub. Artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonasında istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Belə bir fürsəti qaçırmaq olmaz.
Vüsal Talıbov,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru