1991-1994-cü illərdə Türkiyənin Xarici İşlər naziri olmuş Hikmət Çətin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən birində nəql edir ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisindən keçməsi məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi sayəsində mümkün olub. Ulu Öndər o zaman göstərilən təsir və təzyiqlərə baxmayaraq, alternativ yollarla bağlı bütün digər təklifləri rədd edib və birmənalı şəkildə bildirib ki, ya bu kəmər Türkiyədən keçəcək, ya da ümumiyyətlə olmayacaq. Sabiq nazir Heydər Əliyevlə görüşündən maraqlı bir epizodu da yada salır. Həmin görüşdə o, Ulu Öndərə deyib ki, nə yaxşı oldu, Siz Sovet İttifaqı rəhbərliyinə gəlmədiniz. Heydər Əliyev niyə bu cür düşündüyünün səbəbini soruşduqda, Hikmət Çətin belə cavab verib: “Qorbaçovun əvəzinə Siz olsaydınız, SSRİ dağılmayacaqdı”.
Ulu Öndər fəaliyyətinin müxtəlif dövrlərində ayrı-ayrı fərdlərin naxələfliyi və qısqanclığı ilə yanaşı, geniş inzibati resurslara malik olan bəzi siyasi qruplaşmaların təqibi ilə də üzləşməli olub. Prezident İlham Əliyev bu ilin aprelində Qazaxıstana rəsmi səfəri zamanı Astananın ən böyük küçələrindən birinə Ulu Öndərin adının verilməsinə həsr olunmuş açılış mərasimində bu acı xatirələri də yada saldı: “Həyatının müəyyən dövründə o, haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə-Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi”.
Heydər Əliyev SSRİ-də Baş katib postuna əsas namizədlərdən biri olduğu dövrdə siyasi qısqanclıq səbəbindən Mixail Qorbaçov və onun etnik ermənilərdən ibarət olan rəsmi ətrafı tərəfindən təqib olunmağa başladı. Çünki bu xəbis qruplaşma çox yaxşı bilirdi ki, Heydər Əliyevin birinci şəxs olması ilə onların bütün arzuları, o cümlədən Qarabağa aid məkrli planları da iflasa uğrayacaq. Həmin çətə əllərində olan inzibati resursları, eləcə də sovet Azərbaycanındakı xain xislətli əlaltılarını səfərbər edərək, Ulu Öndərin birinci posta yüksəlişinə mane oldular. Bununla kifayətlənməyərək, Heydər Əliyevlə yanaşı, onun ailə üzvlərini də təqib etməyə başladılar. Ulu Öndər 1987-ci ilin oktyabrında İttifaq rəhbərliyində çalışdığı yüksək vəzifələrdən getdikdən cəmi 25 gün sonra Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Fransaya səfər etmişdi. O, həmin vaxt Parisdə “Humanite” qəzetinə müsahibə verərək bildirmişdi ki, “Dağlıq Qarabağ tezliklə Ermənistana birləşdiriləcək”. Müsahibədən heç üç ay keçməmiş- 1988-ci ilin fevralında erməni separatçıları Qarabağda açıq fəaliyyətə keçdilər. Mixail Qorbaçovun rəhbərlik etdiyi qruplaşma erməni separatçılığını çəkinmədən ona görə təşviq edə bildilər ki, Heydər Əliyev artıq rəhbərlikdə deyildi. Həmin mənfur çətə Ulu Öndər Heydər Əliyevi siyasi mənada təcrid etməkdən əlavə, onun həyat və sağlamlığını da hədəfə almışdı. Qorbaçov və ətrafı xüsusi xidmət orqanlarının əli ilə Heydər Əliyevi və ailə üzvlərini təqib edir, Ulu Öndərin Azərbaycanla bütün əlaqələrini kəsməyə çalışır və onun Vətənə qayıdışına əngəllər yaradırdı. O dövrdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi fəaliyyət göstərən İlham Əliyev məhz Kremlin göstərişi ilə tədris ocağından kənarlaşdırıldı. Faktiki təcrid edilmiş vəziyyətdə yaşamalı olan Ulu Öndərin səhhətinə ilk ağır zərbə elə o dövrdə vuruldu. Heydər Əliyev davamlı şəkildə təqib olunmasına baxmayaraq, Bakıda qanlı 20 Yanvar cinayəti törədildikdən dərhal sonra ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaltdı. Ulu Öndərin etiraz səsi beynəlxalq birlik tərəfindən eşidildi. Əvvəla ona görə ki, imperiyaya qarşı etiraz səsini dünya liderlərinin yaxşı tanıdığı görkəmli dövlət xadimi ucaltmışdı. İkincisi, Heydər Əliyev Qorbaçovun əlində cəmləşən təhlükəli repressiya imkanlarına baxmayaraq, bunu Moskvada ola-ola, diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyi imperiya paytaxtında etmişdi. Dünya liderləri və nüfuzlu beyin mərkəzləri etiraz səsini ucaldan Ulu Öndərin siyasi çəkisinə yaxşı bələd idilər. Elə bu səbəbdən, Heydər Əliyevin öz kəskinliyi ilə seçilən ictimai etirazı həmin dövrdə mövcud olan informasiya blokadasını yara bildi.
Heydər Əliyevin bu addımı həm özü, həm də doğmaları üçün yeni təhlükələr yaradırdı və Ulu Öndər bunun fərqində idi. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondadır ki, hətta imperiyanın repressiya təhlükəsi onu öz xalqının yanında olmaqdan çəkindirə bilmədi. Çünki Heydər Əliyev sidq ürəkdən bağlı olduğu Azərbaycan naminə hər cür fədakarlığa və bir çox müasirlərindən fərqli olaraq, şəxsi fədakarlığa hazır idi. Həyatına sui-qəsd cəhdlərinin edildiyi sonrakı illərdə belə, Heydər Əliyev tərəddüdlərə yer qoymayan qətiyyətli mövqeyindən geri çəkilmədi. Ulu Öndər bu seçimini düşmənlərimizə və bədxahlarımıza açıq şəkildə bu sözlərlə çatdırmışdı: “Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq!”
Bu da həqiqətdir ki, böyük şəxsiyyətlərin paxıllığını çəkən, uğurlarına xəbisliklə yanaşanlar bütün dövrlərdə və bütün cəmiyyətlərdə olur. Heydər Əliyev fenomeninə, onun siyasi irsinə qısqanclıq edənlər indinin özündə də var. Onların sayı çox cüzi olsa da, ürək bulandırmaq vərdişlərindən əl çəkmirlər. Buna görə istisna etmirəm və daha çox inanıram ki, həmin siyasi nakamlar hörmətli Hikmət Çətinin Ulu Öndərlə bağlı xatirələrindən yuxarıda gətirdiyim iqtibası öz xəbis xislətlərinə və dayaz düşüncələrinə uyğun şəkildə yozmağa cəhd edə bilərlər. Nazirin xatirələrinə kölgə salmaq üçün, həmişə olduğu kimi, deyəcəklər ki, Heydər Əliyev demokratik bir dövlətin deyil, Sovet İttifaqı kimi totalitar quruluşun rəhbərliyinə əsas namizədlərdən biri olub, bəs, demokratiya, bəs, insan haqları və sair və ilaxır... Amma bu qafillər böyük mütəfəkkir İmmanuel Kantın müdrik kəlamlarından birində ifadə etdiyi hikməti görməzdən gələcəklər: “Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və başqalarına öyrətmək mümkün deyil”. Hər zaman siyasi fiaskoya uğramış bu azlıq ya bilmir, ya da qəsdən unudur ki, dahi bütün işlərində dahi olur. Hətta yaşadığı ictimai-siyasi quruluşun təhlükəli mahiyyəti belə, Ulu Öndərimiz kimi güclü şəxsiyyəti xalqımıza xidmət amalından çəkindirə bilməzdi. Elə bu səbəbdən, imperiyanın ən ağır qadağaları da Heydər Əliyevi Azərbaycan xalqına xidmətdən çəkindirə bilmədi, Ulu Öndərin tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə bağlılığı həyatı boyunca bütün seçimlərin fövqündə dayandı. Heydər Əliyevin ömür yolu həmin dəyərlər üzərində ucaldığına görə, məhz onun təşəbbüsü ilə, hətta sovet Azərbaycanının Konstitusiyasında bu müddəa təsbit olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. O dövrdə Kremlin gizli qadağalarına və məxfi təlimatlarına baxmayaraq, Heydər Əliyev 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılmasına nail oldu. Bu, siyasi məfkurəsi milli ideologiya üzərində ucalan Ümummilli Liderin gələcəyə-28 il sonraya hesablanmış baxışının təməl sütunlarından idi. Ulu Öndər 1999-cu ildə təsis etdiyi Hərbi Akademiyanı məhz bu sütunlar üzərində ucaltdı. Heydər Əliyev milli dövlətçilik ideologiyasına ruhən o qədər bağlı idi ki, fərqli zamanlarda və fərqli quruluşlarda atdığı addımlar, qəbul etdiyi qətiyyətli qərarlar müstəqil dövlətçiliyimizin təşəkkül tapmasına xidmət göstərdi. Ulu Öndər sovet imperiyası hələ ayaqda ikən-1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan MR-ın dövlət rəmzi qismində təsdiq etdi və Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırdı ki, məhz bu bayraq Azərbaycanın dövlət rəmzi olsun. Heydər Əliyev şəxsiyyətinə siyasi qısqanclıqla yanaşanlar, hətta onun müasiri olmuş bir çox dövlət başçısı vaxtında öz xalqları naminə qətiyyətli addım ata bilmədiklərini zəmanənin çətinliyi, xarici təsir və təzyiq amili ilə izah etməyə çalışsalar da, əslində, bu, sadəcə, bəhanədir. Heydər Əliyev keçdiyi həyat yolu və imza atdığı tarixi qərarlarla sübut etdi ki, bu bəhanəni gətirənlər tarixdə iz qoymayan, dövlət rəhbərliyində və siyasətdə təsadüfi olan şəxslərdir. Həyat onu da sübut etdi ki, yalnız Heydər Əliyev kimi böyük dövlət xadimi tarixi proseslərin axarını dəyişə və xalqın taleyində həlledici missiyanı yerinə yetirə bilir. Ulu Öndərin ömür yoluna cılız qısqanclıq hissi ilə yanaşan siyasət nakamları təsəllini yalnız Hötenin bu məşhur deyimində tapırlar: “İstedadsız adam üçün dahinin də ölməz olmaması ən böyük təskinlikdir”.
Ötən əsrin 90-cı illərinin əvvəlində yalnız Heydər Əliyev fenomeninə və şəxsiyyətinə görə prezident seçkilərində yuxarı yaş məhdudiyyətinin tətbiq edilməsi elə həmin siyasi uğursuzların növbəti gülünc ixtirası idi. Amma onlar xalqın etirazı, Ulu Öndərə bəslənən sonsuz inam və etimad qarşısında tab gətirə bilmədilər. AXC-Müsavat hakimiyyəti dövründə ölkədə dərəbəylik o həddə çatmışdı ki, sıravi vətəndaş qanunlarla deyil, ayrı-ayrı silahlı dəstələrin zoru ilə hesablaşmağa məhkum edilmişdi. Dövlət idarəçiliyindəki səriştəsizlik və qəbul edilən məsuliyyətsiz, səbatsız qərarlar, onsuz da kövrək olan dövlət müstəqilliyimizi böyük təhlükələr qarşısında qoyurdu. İdarəçiliyin faktiki olaraq itirilməsi özbaşınalığa rəvac verir, ictimai-siyasi həyatda hərc-mərcliyin, sosial sahədə isə ədalətsizliyin hökm etməsinə zəmin yaradırdı. Bu vəziyyətdən istifadə edən Ermənistan şəhər və kəndlərimizi bir-birinin ardınca işğal edir, mülki insanlarımıza qarşı qanlı müharibə cinayətlərini törətməkdən çəkinmir, biz azərbaycanlıların öz Vətənimizdə məcburi köçkün vəziyyətinə salınması siyasətini həyata keçirirdi. Sözsüz ki, dövlət idarəçiliyindəki mənəm-mənəmlik və özbaşınalıq cəbhədəki uğursuzluqlarımızı şərtləndirdiyi kimi, torpaqlarımızın işğal edilməsi də ictimai-siyasi sabitliyin son həddə qədər pozulmasına təkan verirdi. O zaman Azərbaycan dövlət müstəqilliyinin itirilməsi kimi real təhlükə ilə üz-üzə, böyük vətəndaş müharibəsinin bir addımlığında dayanmışdı. Sıravi vətəndaş nəinki dövlət institutlarına, hətta təhlükəsiz yaşamaq hüququna belə, inamını itirmişdi. Bu cür ağır vəziyyətdə yaşamağa və acı məğlubiyyətlə barışmağa məhkum edilən xalqımız yeganə nicatını Heydər Əliyev şəxsiyyətində, Ulu Öndərin zəngin dövlət idarəçiliyi təcrübəsində görürdü. AXC-Müsavat iqtidarının əlindəki inzibati resurslardan geninə-boluna istifadə etməsinə, seçiciyə göstərdiyi təzyiqlərə və apardığı əks-təbliğat kampaniyasına baxmayaraq, xalqımızı seçimindən çəkindirə bilmədi və sonda özləri də xalqın iradəsi ilə hesablaşmağa məcbur oldular. Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev qəbul etdiyi ağır mirasın mürəkkəbliyini bu sözlərlə ifadə etmişdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır... Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir”.
Heydər Əliyev bütün çətinliklərə, destruktiv siyasi qrupların təxribatlarına, kənardan göstərilən təzyiqlərə, hətta həyatına edilən sui-qəsd cəhdlərinə baxmayaraq, xalqımızı ağır vəziyyətdən çıxara, Azərbaycanı parçalanmaqdan xilas edə bildi. Həmin dövrdə görülən işlərin həyati əhəmiyyətini Türkiyənin lX Prezidenti Süleyman Dəmirəl bu cür təsvir edirdi: “Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir... Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı”.
Ulu Öndər bənzərsiz idarəçilik təcrübəsi və qətiyyətli mövqeyi sayəsində 1994-cü il sentyabrın 20-də XX Əsrin Neft Kontraktının imzalanmasına nail oldu. Ölkəmizin iqtisadi müstəqilliyinə təminat verən bu tarixi qərarı gerçəkləşdirmək üçün, Heydər Əliyev bir çox xarici dairələrin müqavimətini qırdı və onların maneələrini dəf etdi. Ulu Öndər maraqları uzlaşmayan böyük güclərin maraqlarını uzlaşdırmağa nail oldu. İqtisadi müstəqilliyimizin təmin olunmasına xidmət edən bu qərar ölkəmizin gerçək mənada siyasi müstəqilliyinin də bərqərar olmasına imkan verdi. Sosial sahə ilə bağlı ağır mirasın aradan qaldırılması, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün real addımlar atıldı. Sıravi vətəndaş yenidən öz dövlətinə, təhlükəsiz və etibarlı sabahına inanmağa başladı. ABŞ-ın sabiq Prezidenti Bill Klinton həmin dövrdə görülən taleyüklü işlərə münasibətini bu cür ifadə etmişdi: “Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm“. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer ölkəmizdə aparılan sistemli dəyişikliklərin miqyasını bu cür dəyərləndirmişdi: “Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya Hökuməti tərəfindən diqqətlə izlənilir və alqışlanır”.
Bütün bunlara görə Ulu Öndərin adı tarixə xalqımızın və dövlət müstəqilliyimizin Xilaskarı, müasir Azərbaycanın memarı kimi həkk olunub. Türkiyənin sabiq Baş naziri Bülənd Ecevit Heydər Əliyevin müstəqil Azərbaycan naminə göstərdiyi tarixi xidmətləri bu cür dəyərləndirmişdi: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Fransanın sabiq Prezidenti Jak Şirak isə Ulu Öndərə münasibətini bu cür ifadə etmişdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır... Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.
Heydər Əliyev ölkəmizi kritik vəziyyətdən çıxardığı o ağır illərdə belə, Türk dünyasının birliyi ilə bağlı düşüncələrinin gerçəkləşməsi yolunda da siyasi iradə nümayiş etdirir, ortaq tarixi bağlarımızın və milli-mənəvi dəyərlərimizin bütün siyasi maraqlardan üstün tutulması naminə qətiyyətli addımlar atırdı. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndərin Türk dünyasına xidmətləri barədə belə deyir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında tanınan və sevilən lider idi... Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz Türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ulu Öndərin tarixi xidmətlərinə ehtiramını bu sözlərlə ifadə edir: “Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir... Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır”.
Ulu Öndər fitri istedadı və böyük idarəçilik təcrübəsi, etibarlı tərəfdaş nümunəsi və yüksək insani keyfiyyətləri ilə görkəmli dövlət xadimləri arasında elə dərin iz qoyub ki, tanınmış elm və mədəniyyət xadimləri, nüfuzlu beyin mərkəzlərinin aparıcı simaları belə, Heydər Əliyevlə bağlı xatirə və dəyərləndirmələrini ictimai şəkildə bölüşməyə ehtiyac duyublar. Dünyaca məşhur yazıçı Çingiz Aytmatov Heydər Əliyevlə bağlı fikirlərini bu cür ifadə etmişdi: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir”. Ən nüfuzlu politoloqlardan biri hesab olunan və rəyi ilə hesablaşılan Zbiqnev Bjezinski Ulu Öndərin şəxsiyyəti və dövlət xadimi keyfiyyətləri ilə bağlı bunları deyib: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət-bir sözlə, şəksiz liderdir”.
Nüfuzlu dünya liderlərinin, tanınmış elm və mədəniyyət xadimlərinin, say-seçmə siyasət adamlarının Ulu Öndərimizlə bağlı səmimi xatirələri o qədər genişdir ki, onların hamısını kiçik bir yazıda yada salmaq imkan xaricindədir. Amma həmin xatirələr, hətta ayrı-ayrılıqda belə, o deməkdir ki, Ulu Öndərin şəxsiyyəti və bənzərsiz ömür yolu həmişə diqqətlə izlənilib və Heydər Əliyev fenomeni ilə bütün dövrlərdə hesablaşılıb. Ulu Öndər xalqımızın taleyində və dövlət müstəqilliyimizin qorunmasında yerinə yetirdiyi Xilaskar missiyasına görə tarixdə əbədi yaşayacaq Böyük Azərbaycanlıdır. Ulu Öndər xalqımızın yaddaşında həm də ona görə əbədi yaşayacaq ki, Qarabağın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi və milli qürur hissimizin özümüzə qaytarılması ilə bağlı olan Zəfər tarixinin altındakı Müzəffər imza Heydər Əliyevin fiziki və siyasi varisi Prezident İlham Əliyevə məxsusdur. O şəxsiyyətə ki, Ulu Öndər 2003-cü ildə xalqımıza etdiyi tarixi müraciətində siyasi varisi haqqında bu zəmanəti vermişdi: “ İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu Öndərin bu müraciətindən 20 il sonra Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsinin üzərində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Qədim Şuşamızda isə artıq iki il yarımdır ki, yenidən azan səsləri ucalır, “Xarı Bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı ənənəmiz də bərpa olunub. İndi bütün dünya, o cümlədən Ermənistan və onun havadarları Prezident İlham Əliyevin dilindən bu sözləri eşidir: “Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları-Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə”.
Ulu Öndərimiz 30 il əvvəl siyasi iradə və qətiyyət nümayiş etdirərək deyəndə ki, XX Əsrin Neft Kontraktı ya Türkiyədən keçəcək, ya da bu layihə ümumiyyətlə baş tutmayacaq, heç şübhəsiz, müstəqil Azərbaycanın bu günü ilə yanaşı, Türk dünyasının gələcəyini də diqqətə alırdı. Həqiqətən də, dövlət idarəçiliyində uzaqgörənlik yalnız dahi və milli-mənəvi dəyərlərə bağlı olan tarixi şəxsiyyətlərə məxsus olur. Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyəti məhz bu dəyərlərimizə söykənirdi. Xalqa həsr olunmuş bu cür bənzərsiz ömür yolu heç vaxt unudulmur, nəsillər dəyişsə də, xalqın yaddaşında əbədi yaşayır. Elə buna görə də Heydər Əliyev zamanında deyirdi: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru