Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bir vaxtlar sovetlər birliyində ən geridə qalan respublika kimi tanınan Azərbaycan Ulu Öndərin rəhbərliyindən sonra keçmiş SSRİ-də qabaqcıllar sırasına qoşuldu. Sonradan Kremldə fəaliyyət göstərdiyi illərdə - 1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələndə də qəlbi daim xalqımızla birgə döyünmüşdür. O dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik məhz Ulu Öndərimizə etibar edilmişdir. Həmin dövrdə də Azərbaycanın inkişafını, əlaqələrinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün təmin olunmasını, milli kadrların yetişdirilməsini daim diqqət mərkəzində saxlayırdı.Ulu Öndər təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. O, hələ sağlığında hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoymuşdu. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü.
Azərbaycan cəmiyyətinin milli özünüdərkə dönüşü, xalqımızın tarixi yaddaşının özünə qaytarılması, milli ruhun oyanması mərhələsinin əsası da ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, Azərbaycan dilinin qorunması və geniş yayılması, kadrların milliləşdirilməsi, şəhər və rayonlarda sağlam ictimai mühitin yaradılması kimi cəsarətli addımların atılması Ulu Öndərin qətiyyətinin göstəricisi olmuşdur. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi və icra olunması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Gənc nəslə xitabən “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” – deyə müraciət edən Ulu Öndər milli məfkurənin rəmzi olan bayrağımıza məhəbbətin, dövlətçiliyə sədaqətin məhz yeni və mübariz nəslin yetişməsində mühüm mərhələ olduğunu göstərmiş oldu.
Ümummilli Liderin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər genişmiqyaslı inkişaf və tərəqqinin əldə olunması, milli kimliyimizin dirçəldilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması dövrü kimi xarakterizə olunur. Heydər Əliyev kimi parlaq zəkaya, dərin biliyə və misilsiz işgüzarlığa malik bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur.
Heydər Əliyevin böyük səriştəsi, bacarıqlı idarəçilik və təşkilatçılıq qabiliyyəti, şəxsiyyəti, qısa müddətdə əldə etdiyi nəhəng nailiyyətlər hər kəsin diqqətini çəkmiş, Ulu Öndər ittifaq rəhbərliyinə qədər yüksəlmişdir. O, 1976-cı ilin mart ayında Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Ulu öndərimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirdiyi islahatların və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürəti inkişaf yolu keçərək keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Bununla bərabər, paytaxt Bakının inkişafı, burada onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi, idarəetmədə irəli çəkilməsi kimi məsələlər bu dövrdə Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi. O şəxsiyyət ki, bütün varlığı ilə Azərbaycan dövlətçiliyinə, milli məfkurəyə xidməti özünə şərəf bilirdi, azərbaycanlı olmağı ilə fəxr edir və hər bir əməli ilə nəsillərə örnək olmağı bacarırdı. Qazanılmış müstəqilliyin qorunub saxlanmasını müqəddəs vəzifə olduğunu qeyd edən ümummilli lider hər çıxışında, hər nitqində bunu xüsusi vurğulayır və deyirdi: “Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu və yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır.” -
Prezident İlham Əliyev Ulu Öndərin həlledici anlarda böyük liderlik göstərərək xalqımızı xilas etməsi haqqında danışarkən demişdir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".
Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır... Ümumilikdə, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi. 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev ucalığının təcəssümüdür. O da ən ümdə xəyalları gerçəkliyə çevirən dövlət başçısı, millətinin həqiqi lideridir.
Azərbaycan xalqının taleyində mühüm rol oynamış elə bir hadisə yoxdur ki, orda Heydər Əliyevin imzası, adı olmasın. Saatlarla, günlərlə, aylarla bu böyük şəxsiyyət haqqında danışmaq olar. Çünki onun həyatı bir tarixdir. Azərbaycanın XX əsr tarixi. Keşməkeşli, mübarizə və inkişaf tarixi...
Ulu öndərin adını daşıyan, beynəlxalq imici durmadan artan, milli mənafeyə, soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən Heydər Əliyev Fondu artıq sərhədlər aşır. Sorağı planetin sayılıb-seçilən dövlətlərindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Fondun reallaşdırdığı orijinal və nəfis tədbirlər sayəsində muğamımız və təkrarolunmaz mədəniyyətimiz qarşısında daim öz mədəniyyətləri ilə öyünən millətlər heyrətlərini gizlədə bilmir, Azərbaycanın mənəvi incilərini dünya mədəni irsi siyahısına salmaq məcburiyyətində qalırlar. Heydər Əliyev Fondunun fəaliyətinin ən dəyərli məqamlarından biri də Azərbaycanın nəinki dünənki, eləcə də bugünkü zənginliyini, xüsusilə intellektual potensialını qədərincə ortaya qoya bilməsi ilə bağlıdır... Bir sözlə, istər xalqımız, istərsə də onun adını daşıyan fond əməllərində Heydər Əliyev ucalığını başlıca meyar götürür.
Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır, ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O dağınsa zirvəsi çox ucadır, ucadan da uca... Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan günəşin – Heydər Əliyev dühasının nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq.
Məxbilə Əzizova,
Sabirabad rayonu Axısxa bələdiyyəsinin sədri