Azərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. 1918-ci ilin əvvəllərində Leninin himayəsi altında Ş.Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular və martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər.
Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirildilər. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürüldü.
1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir. Bütün bu faktlar 70 il ərzində Sovetlər dönəmində bilərəkdən gözlədilərək xalqın yaddaşından silinməyə çalışılmışdı.
Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamda deyilir: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”.
XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü zamanı növbəti soyqırım hadisəsi törədildi. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi oldu.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Həmçinin qurur və fərəh hissi ilə yaşayır. Nəhayət ki, ermənilərin işğal və soyqırım siyasətinə cavab olaraq 2020-ci ilin sentyabrında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Qələbə qazandı, işğalaltında olan torpaqlarımız azad edildi. Bu qələbə ilə bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisası alındı. Bu gün həmin torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və məcburu köçkünlərimiz öz doğma yurd-yuvalarına köçəcəkləri günü səbirsizliklə gözləyirlər. Görülən işlər isə bunun çox tezliklə olacağına əminlik yaradır.
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi