Münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaradır
- 06.04.2021, 12:44, Baxış sayı:
- 586
Facebook
Вконтакте
Одноклассники
Google+
İşğaldan azad edilmiş torpaqlarımızın geosiyasi əhəmiyyətə malik olması bu torpaqlarda nəqliyyat xətlərinin tezliklə açılmasını zəruri edir. Xüsusilə də bütün türk dünyasını birləşdirəcək tarixi Azərbaycan torpağı olan Zəngəzur dəhlizinin açılması Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq, eyni zamanda Avrasiya üçün yeni nəqliyyat damarı rolunu oynayacaqdır. Zəngəzur dəhlizi, sözün əsl mənasında bütün bölgə dövlətləri üçün qazanclı layihədir. İstər Azərbaycan və Türkiyə, istərsə də Ermənistan, Rusiya və İran bu layihədən həm maddi, həm strateji baxımdan gəlir edə bilər. Belə ki, Azərbaycan və Türkiyə bu nəqliyyat dəhlizi ilə birləşə bilər. Ermənistan və Rusiya, Ermənistanla İran arasında dəmir yolu əlaqəsi yarana bilər. Əlbəttə ki, Azərbaycan ərazisindən keçməklə. Bəli, dəhliz bir çox istiqamətdən yararlı və qazanclıdır, amma Ermənistan dövləti bütün bunları gözardı edir və süni əngəllər yaradaraq dəhlizə maneə olmağa can atır. Əlbəttə ki, bu cəhdlər nəticəsiz qalacaq. Azərbaycan 44 günlük müharibə ilə Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur etdiyi kimi, bu aktın 9-cu maddəsində öz əksini tapan nəqliyyat layihələrinin reallaşmasını da təmin edəcək.
Qazanılan uğurların, görüləcək işlərin, həyata keçiriləcək layihələrin, aparılacaq abadlıq, yenidənqurma işlərinin əsasında əldə etdiyimiz möhtəşəm Qələbə dayanır. Bu qələbə isə sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir. 44 günlük müharibə bizə bir daha göstərdi ki, qardaş Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın ən çətin günlərində də yanındadır və beynəlxalq səviyyədə mənəvi və diplomatik dəstək nümayiş etdirməyə hazırdır. Cənab İlham Əliyevin də daim vurğuladığı kimi, Türkiyənin prinsipial mövqeyi Azərbaycanın qələbəni təmin etməsində müstəsna əhəmiyyətə malikdir. Bu gün torpaqlarımızın bərpası prosesində də türk şirkətləri maksimum aktivlik göstərməklə bizləri qürurlandırır. Qeyd edək ki, qardaş Türkiyə Respublikasının lideri cənab Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı Ramazandan sonra ölkə başçımız cənab İlham Əliyevlə birgə Şuşaya getmək istəyini dilə gətirmişdir. Şübhəsiz ki, iki türk dövləti liderini Azərbaycan üçün mənəvi dəyəri bənzərsiz olan Şuşada görmək bütün türk xalqlarını xoşbəxt və məmnun edəcəkdir. Onu da vurğulamaq istərdim ki, digər türk dövlətləri də Azərbaycanın qələbəsinə sevinir və Azərbaycan torpaqlarının bərpası prosesində iştirak etməyə hazır olduqlarını bildirirlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə bu, dilə gətirilmiş və Azərbaycanın qələbəsinin türk dünyasını gücləndirdiyi vurğulanmışdır.
Nəsibə BAĞIROVA,
Əhmədabad kənd ümumi
orta məktəbinin direktoru