• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident İlham ƏLİYEVDƏN Ermənistana ciddi mesajlar və xəbərdarlıqlar

  • 19.08.2022, 11:52, Baxış sayı:
  • 583
Prezident İlham ƏLİYEVDƏN Ermənistana ciddi mesajlar və xəbərdarlıqlar
Prezident İlham ƏLİYEV avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı həm beynəlxalq aktorlara, həm də Ermənistan hərbi-siyasi rəhbərliyinə ciddi mesajlar ünvanlayıb. Ölkə rəhbəri bildirib ki, “Qisas” əməliyyatı qısa müddətli, amma çox təsirli cəza tədbiri idi. Həmçinin Prezident ermənilərin torpaqlarımızdan, o cümlədən Laçından çıxarılmasının vacibliyini söyləyib. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar aparmasına kimsə mane ola bilməz.

“Qisas” əməliyyatı cəza tədbiri idi
“Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq”.
Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz.

“Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz
““Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdən bir bunu unudur. Ona görə bu faciəvi hadisələr baş verir”.
Müharibədə Zəfər çaldığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi xatırdaladan dövlətimizin başçısı bildirib: “Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha sərt olacaq, daha da peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq”.
Azərbaycan Prezidenti vurğulayıb ki, bizim istəyimiz erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etmələridir. Bu, Ermənistanın öhdəliyidir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib.

"Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"
“Biz öz torpağımızda istənilən zaman istənilən əməliyyatı apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq”.
Bizim gündəliyimizdə həm taktiki, həm də strateji addımlarımızın təsbit edilməsinin reallıq olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar”.

"Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq"
“Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.
Azərbaycanın 2020-ci il 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qaldığını, Laçından yan keçən yeni yolun tikintisini və digər addımları da bu öhdəliklər əsasında atdığını və gördüyünü bildirən dövlətimizin başçısı deyib: “Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidir, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, yaxud il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi. Nə üçün təklənməsi? Ona görə ki, onlar haqsızdır. Onlar nahaq iş görürlər. Onlar hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər. Halbuki, mən onlara birbaşa demişəm, özü də rəsmi qaydada. Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı”.
Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır.
Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir.

"Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur"
“Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm”, - deyən dövlətimizin başçısı qeyd edib ki, yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, yerli əhalidən qoruyurdu, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar orada var idi. Bir müddətdən sonra onlar çıxıb getdilər.
Təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiya sülhməramlısının olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bizim inşaatçılar orada, kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi. Təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Ermənistanın tarixində, nəinki Qarabağın, belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, hələ bir il keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir. Mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli sülhə xidmət göstərəcək”.

"Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı"
“Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir”.
Dövlətimizin başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur.

"Yaxın həftələrdə Ermənistandan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik"
“İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir. Amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə”.
“Çünki müharibə başa çatandan dərhal mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlara başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Qarabağda yaşayan ermənilər də gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər”, - deyən dövlətimizin başçısı gələcəyə nikbinliklə baxdığını bildirib. Prezident İlham Əliyev bir daha xatırladıb: “Həmişə istədiyimizə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.

“Heç kim bizi dayandıra bilməz”
“Bu hadisələr onu göstərdi ki, biz yenə də anlayışla yanaşdıq. Biz deyə bilərdik ki, yox, ayın 5-idir vəssalam, çıxın gedin, biz gəlirik, dururuq, kim bizi dayandıra bilər? Heç kim bizi dayandıra bilməz. Yüz minlik ordunu kim dayandıra bilər”.
“Özü də Laçın yolu bizim ayağımızın altında. Etmədik onu. Nə üçün? Çünki bizdən xahiş etdilər. Biz də dedik ki, yaxşı gözləyək, ayın sonuna qədər. Yəqin ki, eşitmişiniz, indi orada yerli ermənilər, yəni, nüfuz sahibləri orada yaşayan insanlara deyirlər ki, amanın günüdür, evləri yandırmayın, damları uçurmayın, o santexnikanı çıxarmayın, aparmayın. Yəni, iki il bundan əvvəl bunu deyirdilər? Yox! İki il bundan əvvəl onlar qürurlanırdılar bundan. Ayıb olmasın, bəzi əşyaları belinə alıb harasa aparır, bütün dünyanın gözü qarşısında rəzil oldular. Amma indi deyirlər ki, sənin evin deyil. Sən buraya gəlmisən, nə vaxt gəlmisən sən buraya? 1994-cu ildə. Bəs o vaxta qədər kim yaşayıb burada? Azərbaycanlı yaşayıb, çıx get”.

Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter