Qədim şəhərimiz, milli qürurumuz olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının ilk qurultayı olduğu üçün bu əlamətdar tədbir Zəfər Qurultayı adlandırılır.
Dünya azərbaycanlılarının təşkilatlanması və fəaliyyətində artıq yeni bir mərhələ başlayır. Bu mərhələdə fəaliyyət istiqamətlərinin əsas konturları aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Prezident İlham Əliyevun nitqində əks edildi.
Dövlət başçısı öncə diqqəti ona yönəltdi ki, 44 günlük müharibədə əldə edilən tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir. Qurultayın isə Zəfər adı daşıması təsadüfi deyil: “Ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”.
44 günlük Vətən müharibəsindən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və böyük rəmzi mənası var.
Qurultayda dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas hədəf tarixi Zəfərin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycanın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa, postmünaqişə dövrünün reallıqlarına, diasporumuzun müharibə dövründə, müharibədən əvvəl və müharibədən sonrakı dövr ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində atdığı addımlara, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlərə nəzər yetirdi. Dövlət başçısı tərəfindən Azərbaycan həqiqətlərini, postmünaqişə dövrünün reallıqlarını dünya ictimaiyyətinə daha yaxşı çatdırmaq üçün səfirliklərimizin, diaspor təşkilatlarının daha səylə çalışmalarına çağırışlar etdi və bu istiqamətdə onlar qarşısında konkret vəzifələr qoydu. Prezident İlham Əliyevin də dediyi kimi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların imkanları daha genişdir.
Dövlət başçısının dediyi kimi, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətənləri ilə əlaqələri qoruyub saxlamalı, öz mədəniyyətlərinə bağlı olmalıdırlar. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar. Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir. 30 ildən sonra Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan tarixin nəticəsidir.
Əli HÜSEYN,
“Muğanın səsi”