Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 60 500 000.0 (altmış milyon beş yüz min) manat təşkil edir və aşağıdakı mənbələr hesabına formalaşdırılır:
2.1. 60 (altmış) milyon manatı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 mart tarixli 2534 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.3-cü yarımbəndində Agentliyin nizamnamə kapitalının artırılması üçün müəyyən edilmiş vəsait hesabına;
2.2. 500 (beş yüz) min manatı “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı hesabına.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2021-ci il oktyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətinə bildiriş göndərsin”.
***
Prezident İlham Əliyev “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 391-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 iyul tarixli 378 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 mart tarixli 42 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 819 nömrəli və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 18 may tarixli 1415 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 391-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 17-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
1.3. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Qanunun 43.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
1.5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
1.6. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.7. həmin Qanunun 20.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.
2. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 iyul tarixli 378 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 518; 2010, № 2, maddə 80) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 17-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.”.
3. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143; 2010, № 2, maddə 80; 2014, № 11, maddə 1392; 2017, № 4, maddə 550) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddən “43.1-ci maddəsinin ikinci cümləsində,” sözləri çıxarılsın;
3.2. 3.1-1-ci bəndə “Qanunun” sözündən sonra “43.1-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;
3.3. aşağıdakı məzmunda 3.4-1-ci hissə əlavə edilsin:
“3.4-1. həmin Qanunun 43.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;”.
4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68; 2012, № 6, maddə 541; 2013, № 5, maddə 493; 2015, № 7, maddə 824; 2017, № 3, maddə 367; 2018, № 6, maddə 1195; 2019, № 3, maddə 413, № 4, maddə 652) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bənddən “4.4-cü, 5.3-cü,” sözləri çıxarılsın;
4.2. 2.2-ci bənddə “12.1-ci maddəsinin ikinci cümləsində” sözləri “12.1-ci maddəsinin üçüncü cümləsində” sözləri ilə əvəz edilsin;
4.3. 2.7-ci bənd ləğv edilsin.
5. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 819 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 440) 3.3-cü bəndi ləğv edilsin.
6. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 819; 2019, № 3, maddə 408) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.2-ci bənddən “3-cü maddəsinin 9-cu hissəsində və” sözləri çıxarılsın;
6.2. 3.1.2-ci yarımbənd ləğv edilsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 391-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”.