Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Qarabağa dair son vaxtlar gündəmdə olan bütün suallara cavab verdi.
Prezident 4 saatdan artıq müddətdə 4 dildə 35 xarici media orqanının 50-dən çox sualına cavab verdi. İlham Əliyev sualları cavablandırarkən Qarabağla bağlı xeyli mesaj verdi.
Ermənilərin yaşadığı ərazilər Azərbaycan torpağıdır: Xankəndi, Xocavənd və Xocalıya qayıdacağıq:
- Xankəndi və ermənilərin yaşadığı digər ərazilərin inteqrasiyası prosesi qaçılmazdır;
- “Artsax” adında dövlət yoxdur, olmayıb, olmayacaq da, bu sayıqlamaları kənara atıb Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır;
- Köçkünlər sülhməramlı missiyanın tərkibində olan bölgələrə qayıtmalıdır;
- Xocalıya da biz qayıdacağıq, bunun başqa yolu yoxdur;
- Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir, onun bir hissəsində erməni əhali yaşayır;
Sülhməramlılar zamanı çatanda çıxarılacaq:
- Sülhməramlıların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır, keçici xarakter daşıyır, bu əsgərlər xüsusi missiya icra edirlər, bu, hərbi baza anlamına gəlmir;
- Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil;
Bakı sülhməramlıların nə etdiyini bilir və buna qarşı addımlar atır:
- İndi Rusiya sülhməramlıları tərəfindən xarici vətəndaşların Dağlıq Qarabağa gizli buraxılışı istiqamətində fəaliyyətləri görəndə bu, bizdə təəccüb doğurur;
- Biz Rusiya tərəfi ilə razılaşmışıq ki, ora əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər, razılaşma da pozulur. Əlavə heç nə deməyəcəyəm, bəlkə, bunu yenə şərh etmək lazım olacaq, ancaq ora kimin girib-çıxdığını soyadınadək bilirik;
- Biz bu narahatlığı Rusiya tərəfinə çatdırırıq, vaxt keçdikcə məsələlər tənzimlənəcək;
Ermənistan mediasının 62 terrorçudan 5-nin qaytarıldığı iddiası yalandır: terrorçular qaytarılmayıb:
- Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz, bizdə olan bütün əsirləri qaytarmışıq;
- Bu adamlar bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar;
10 noyabr bəyanatı sona qədər icra ediləcək: bu, erməni silahlıların bölgədən çıxarılacağı deməkdir.
Əlavə şərhə ehtiyac yoxdur: ortada siyasi iradə var və bütün çətinliklərə rəğmən, hər şey istədiyimiz kimi olacaq.