20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir. 20 Yanvar həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. 20 Yanvar hadisələri xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu.
20 Yanvar hadisələrində Azərbaycan xalqının nümayiş etdirdiyi müqavimət əzmi millətimizin azadlıq və istiqlal mücadiləsini simvolizə edən, tariximizdə, yaddaşımızda dərin izlər buraxan qərəmanlıq rəmzidir.
Bu hadisədən 32 il keçməsinə baxmayaraq, xalqımız və dövlətimiz 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, öz azadlığı naminə həyatını qurban verməyə hazır olan qəhrəmanların varisləri olduğumuzu, müstəqilliyimizin ana südü qədər bizə halal olduğunu bütün dünyaya nümayiş etdirir.
20 Yanvar faciəsini xatırlayarkən, şübhəsiz ki, həmin dövrdə tamamilə informasiya blokadasında olan, təklənmiş, küncə sıxışdırılmış xalqımızın müqavimətinin davam etdiyini və bu prosesdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətini də xüsusi vurğulamaq lazımdır. Çünki məhz xalqımızın böyük oğlunun Azərbaycan xalıqına divan tutulması əmrinin verildiyi bir şəhərdə - Moskvada yerləşən daimi nümayəndəliyimizdə keçirdiyi mətbuat konfransı xalqımızın mübarizə əzminin qırılmamasında, müstəqillik uğrunda mücadiləsinin davam etdirilməsində müstəsna rol oynadı.
Heydər Əliyev öz xalqının fədakar oğlu və cəsarətli lideri kimi SSRİ-nin mərkəzi hakimiyyətinin bütün təzyiq və təhdidlərinə baxmayaraq, azərbaycanlıların öz hüquqları uğrunda dinc etiraza qalxdıqlarını bütün dünyaya çatdırmağı bacardı, Heydər Əliyevin qətiyyətli və cəsarətli mövqeyi nəticəsində Moskvanın xalqımıza vurmağa çalışdığı “ekstrimist”, “terrorçu” damğası dinc insanlara divan tutan cinayətkar ordunun və qətliamın siyasi sifarişini verənlərin alnına basıldı.
20 Yanvar hadisələrindən ötən dövr ərzində çox böyük çətinliklərdən keçdik, torpaqlarımız işğal altına düşdü, lakin siyasi Liderlərimizin – Heydər Əliyev və İlham Əliyevin strateji düşüncələri bizi bir millət və dövlət olaraq yenidən dirçəltdi və məğlub toplumdan qalib xalqa çevirdi. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Onlar Azərbaycan xalqının yaddaşında Bütöv Azərbaycanın qəhrəmanları kimi əbədiyyətə qədər yaşayacaqlar.
“Muğanın səsi”