Prezident İlham ƏLİYEV 2022-ci ili “ŞUŞA İLİ” elan etdi:
“Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi hər bir azərbaycanlını qürurlandırır. Çünki bu il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Dövlət başçımız da xalqa müraciətində diqqətə çatdırdı ki, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci il “Şuşa İli” elan edilib. Məlumdur ki, 7 may 2021-ci ildə Prezidentin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu da qanunauyğundur. Çünki, Şuşada görkəmli mədəniyyət və incəsənət xadimləri - Bülbül, xan qızı Natəvan, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, çoxsaylı yazıçı və ədiblər anadan olub. Burada fəaliyyət və yaradıcılıqlarını formalaşdırıblar. Şuşa şəhəri işğal olunarkən Natəvanın, Üzeyir bəyin və Bülbülün büstləri güllələnmişdi. Böyük çətinliklər bahasına o büstlər Gürcüstandan əldə edildi və Bakıda İncəsənət muzeyinin həyətində uzun müddət saxlanıldı. Bunlar güllələnmiş büstlər adını almışdı. Lakin bu gün həmin büstlər Şuşada olduqları yerdə qorunurlar.28 il düşmən əsarətində olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən Şuşanın azad edilməsi bu şəhərin tarixi şöhrətini özünə qaytarmaqdadır. Son 1 ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir.
Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar”.
Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilir. Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub-saxlanmasına xidmət etməklə yanaşı, onun hərtərəfli inkişafına da şərait yaradır. Hər dəfə biz bu cənnət məkanda inkişafın şahidi oluruq.
Şuşa şəhərində 2020 və 2021-ci illər ərzində çox böyük quruculuq və abadlıq işləri həyata keçirilib. Prezidentimiz Azərbaycanda etdiyi böyük səfərlərinin əksəriyyətini işğaldan azad olunmuş ərazilərimiz, o cümlədən Şuşaya təşkil edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son 1 ildə Şuşaya 7 dəfə səfər edib, Şuşada təməlqoyma mərasimlərində iştirak edib. Şuşa şəhərində tarixi, mədəni abidələrin restavrasiyası işlərinə şəxsən özü nəzarət edir.
Biz ötən müddət ərzində Xarı Bülbül festivalının, "Vaqif poeziya günləri"nin yenidən Şuşa şəhərində keçirilməsinin şahidi olduq. 2022-ci ildə bu tədbirlər yenidən daha çox insanların və xaricdən gələn qonaqların iştirakı ilə həyata keçiriləcək. Həmçinin 2022-ci ildə Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin İdarə Heyətinin və üzvlərinin iştirakı ilə Şuşa şəhərində rəsmilər qəbul edildi və onlara Şuşada görülən işlər göstərildi. 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Şuşa bəyannaməsinin imzalanmasının şahidi olduq. Bir sözlə, Şuşa ilə bağlı 2021-ci ildə çox böyük işlər görülüb. 2022-ci ilin “Şuşa İli“ elan edilməsi isə birbaşa olaraq bizim hədəf və məqsədimizin Şuşanı cənnət-məkana çevirmək və bütün işğaldan azad olunmuş ərazilərimizdə keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıtmasına nail olmaqdır.
Biz 2021-ci ildə həm də Füzuli aeroportunun açılışının şahidi olduq və bu il isə, İnşallah, Zəngilan aeroportunun açılışının şahidi olacağıq. Laçında da beynəlxalq aeroportun istifadəyə veriləcəyi gözlənilir. Post-münaqişə dönəmində Azərbaycan Prezidentinin rəhbərliyi altında görülmüş işlərin nə dərəcədə düzgün və doğru olduğunu, Soçi, həmçinin Brüssel səfərlərini izlədik. 2022-ci ildə də bu işlərin uğurla davam etdiriləcəyinə və regionda uzunmüddətli sülhə nail olunacağına əminik.
Şuşa hər zaman Azərbaycana məxsus olub, ona görə də illər sonra Şuşaya bu tarixi şəhərin əsl sahibləri qayıtdılar. İşğal dövrünə qədər Şuşada daim azərbaycanlılar yaşadığı kimi, bundan sonra da azərbaycanlılar əbədi olaraq Şuşada yaşayacaqlar.
“Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər isə mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq.
“Muğanin səsi”