Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Noyabr ayının ilk günlərində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-12° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11°, gündüzlər 11-16°, bəzi günlərdə 19°-dək isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 28-38 millimetr) bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 10-15°, bəzi günlərdə 5-8° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 millimetr) olacağı bildirilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 4-7° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6° isti, bəzi günlərdə 2-6°, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüzlər 6-11°, bəzi günlərdə 2° şaxtadan 3° dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 millimetr) olacağı gözlənilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 6-9° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 4-9°, bəzi günlərdə 2° şaxtadan 3° dərəcəyədək isti, gündüzlər 10-15°, bəzi günlərdə 10° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 millimetr) bəzi yerlərdə bir qədər normadan çox olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-8° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8° isti, bəzi günlərdə 0-5°, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüzlər 10-15°, bəzi günlərdə 6°-dək isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 millimetr) olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 8-11° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10°, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti, gündüzlər 12-17°, bəzi günlərdə 10°-dək isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 25-45 millimetr) bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 7-11° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 4-9°, dağlarda 3-8° şaxta, gündüzlər 11-16°, bəzi günlərdə 9°-dək isti təşkil edəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 55-170 millimetr) bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.