Neft və Qaz İnstitutu 2021-ci ilin oktyabr ayının 7-də altı lot üzrə satınalmaya yekun vurub. 3 lotun qalibi olan 2 şirkətin hüquqi ünvanı Sabirabaddadır.İnstitutun 7 oktyabr tarixində yekun vurduğu satınalmaların ümumi məbləği 118.431 manat təşkil edib.
Neft və Qaz İnstitutunun 7 oktyabr tarixində yekun vurduğu satınalmalarda qalib elan edilən təşkilatların hamısı qeyri-şəffafdır.
Bu təşkilatların eyni ildə yaradılması, nizamnamə kapitallarının qeyri-ciddiliyi, bəzilərinin hüquqi ünvanları və qanuni təmsilçilərinin eyni şəxs olması satınalmanın formal keçirildiyi şübhələri yaradır.
Neft və Qaz İnstitutunun "elmi tədqiqat ölçü cihazlarının alınması" (məbləğ 20.000 manat) və "elmi mövzunun işlənməsi" (məbləğ 30000 manat) lotları üzrə sifarişçi olduğu satınalmanın qalibi isə "Rasr.H.R.S Servis" MMC olub.
"Rasr.H.R.S Servis" MMC-nin hüquqi ünvanı Sabirabad şəhəri, Vidadi küçəsi ev 94 ünvanı, qanuni təmsilçisi isə 1982 ci il təvəllüdlü Mustafayev Ramil Sərraf oğludur.
On manat nizamnamə kapitalı olan "Rasr.H.R.S Servis" MMC 2017-ci ilin sentyabr ayının 8-də qeydiyyata alınıb.
İnstituta elmi mövzu işləyəcək və elmi tədqiqat cihazlarını alacaq "Rasr.H.R.S Servis" MMC-nin fəaliyyət profili və müvafiq lisenziyaları barədə məlumat yoxdur.
Daha şübhəli məqam isə Neft Qaz İnstitutunun iki lotunun qalibi elan edilən "Rasr.H.R.S Servis" MMC-nin qanuni təmsilçisi Mustafayev Ramil Sərraf oğlunun qanuni təmsilçisi olduğu daha bir şirkətin - "Kamen Biznes Compani" MMC-nin satınalmada qalib elan edilməsidir.
"Kamen Biznes Compani" MMC-nin də hüquqi ünvanı Sabirabad şəhəri Vidadi küçəsi ev 94 ünvanıdır. Bu MMC Neft və Qaz İnstitutunun "inzibati binanın şüşələrinin yuyulması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilib. Satınalmanın məbləği 14.623 manatdır.
"Kamen Biznes Compani" MMC-nin də lisenziyaları və fəaliyyət profili, həmçinin əmək müqaviləsi ilə çalışan işçilərinin sayı barədə məlumat yoxdur.
Neft və Qaz İnstitutunun baş direktoru Fəxrəddin Qədirovdur.
Fəxrəddin Qədirov 2021-ci ilin iyul ayının 7-də Neft və Qaz İnstitutunun baş direktoru təyin edilib.
“Muğanın səsi”