Prezident İlham Əliyevin bu il Bərdə, Tərtər və Cəbrayıl rayonlarına səfəri digər bölgələrə bu günədək olan səfərlərə zahirən bənzəsə də, mahiyyət etibarilə fərqli idi.
Dövlət başçısı Suqovuşandakı çıxışında dövlətin xarici və daxili siyasətinin ana xəttinin mahiyyyətinin, inkişaf istiqamətlərinin, iqtisadi və müdafiə prinsiplərinin başlıca istiqamətlərini müəyyən etməklə yanaşı, məğlub edilən Ermənistanda dingildəyən, yeni müharibə ssenariləri cızan revanşist qüvvələrə sərt mesajlar göndərdi, “Dəmir yumruğ”un növbəti zərbəsinin daha sərt və amansız olacağını bəyan etdi.
Prezident qəsəbənin bir il əvvəl işğaldan azad edilməsini əlamətdar hadisə kimi qiymətləndirdi, bunun strateji baxımdan çox böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Böyük qələbənin ildönümünə sayılı günlər qalsa da, Ermənistan hələ də sülh müqaviləsini imzalamamışdır. İşğalçı dövlətin siyasi elitası və Ermənistan diasporu danışıqlar masasına can atmaqdansa, Qarabağda məğlubuyyətlərini erməni xalqının faciəsi kimi təqdim edir, regional qüvvələri münaqişəyə cəlb etməyə çalışırlar. Rusiyanı Qarabağ müharibəsinə cəlb edə bilməyən erməni siyasi elitası və diasporu indi də İranı münaqişəyə təhrik etməyə, yeni gərginlik ocağı yaratmağa cəhd edirlər. Amma alınmayacaq. Azərbaycan Prezidentinin Suqovuşandan verdiyi mesajlar da nüfuzunu itirən, amma müharibə ritorikasından əl çəkə bilməyən siyasi liderlərə bu barədə xəbərdarlıq idi.
Prezident Suqovuşandakı çıxışında müharibə zamanı Ermənistan ordusunun məruz qaldığı dərin mənəvi-psixoloji sarsıntılardan danışdı: “Onların gözü qorxmuşdu və əlbəttə, bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir”.
İlham Əliyev həmişə qalib pozasında köpüklənən Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın düşdüyü acınacaqlı vəziyyəti də təhlil etdi, onun özünün fərari olduğunu dilə gətirdi.
Prezident Suqovuşandan bütün dünyaya bəyan etdi ki, müharibədə uduzan tərəf Serjik Sarkisyan və onun kimilərdir: “Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm”.
İlham Əliyev bir daha bildirdi ki, bu sözləri deməklə naftalin qoxusu verən bir ünsürə yox, bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara xəbərdarlıq edir: “Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.[/b]
“Muğanın səsi”