“Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir”.
“Muganinsesi.az” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.
Nazir qeyd edib ki, ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi, eləcə d, şagirdlərarası münasibətlərin düzgün qurulmasını mühüm hesab edir:
“Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsi, profilaktika mexanizmləri də hazırlanıb və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək.
Antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilib.
Eyni zamanda, ötən il “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən “Məktəblinin Dostu” layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNICEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir.
Məsələnin bir şəxsdən və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan asılı olduğuna inanır, məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində xüsusi rolu olduğunu qeyd etmək istəyirəm.
Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil nazirliyi üçün prioritetdir”.