Cəlilabadda qaynı tərəfindən zorlandığı deyilən 17 yaşlı itkin düşən gəlinlə bağlı yeni təfərrüatlar məlum olub.
Təcavüzə məruz qaldığı iddia edilən Gülnayənin əri İbrahim Mirzəyev hadisə barədə Lent.-a danışıb. O, ailəsinə qarşı irəli sürülən iddiaların əsassız olduğunu deyib:
“Tamamilə şər və böhtandır. Qardaşım heç vaxt elə bir iş görməyib. Gülnayə özü evdən qaçıb. Evdən gedərkən paltarlarını da götürüb çıxıb”.
Hadisə ilə əlaqədar Gülnayənin qayınanası Solmaz Mirzəyeva ilə də əlaqə saxladıq. İddialarla bağlı qaranlıq qalan suallarımzıa cavab tapmağa çalışdıq.
- Gəlininiz evdən gedərkən harda olmusunuz, onun hara getdiyini təxmin edirsiniz?
- İyunun 9-u İbrahimi xəstəxanaya aparmışdım. Gülyanə də saat 12-ə qalmış İbrahimə zəng elədi ki, nə edirsiniz? Onda hələ qəbuldaydıq. Özünün də ev-eşiyi təmizlədiyini dedi. Gəlib gördük ki, bütün paltarlarını, kosmetikalarını və 260 manat pulu götürüb gedib. Nə ilə gedib, hara gedib kimsə görməyib. Dərhal qızın atasıgilə zəng elədik, dedilər xəbərimiz yoxdur. Qohum-qonşunun məlumatsız olduğunu görəndə polisə üz tutduq. Gəlinimin itkin düşdüyünü elə mən ərizə yazıb polisə bildirmişəm.
- Üzr istəyirik, iddialar var ki, qaynı Nicat onu dəfələrlə zorlayıb və ailəniz Gülnayəni daim şiddət göstərərək saxlayıb...
- Hamısı şər-böhtandır. Ailəmə şər atıb rüsvay edirlər. Gülyanə yaxşı qız idi. Narazılığımız olmayıb. Ancaq telefonla çox oynayırdı. Bir dəfə İbrahim telefonu onun əlindən aldı, amma həyat yoldaşımın sözü ilə təzədən özünə qaytardı. Hansı səbəbdən getdiyi ağlıma gəlmir. Mən gəlinimi xanım kimi saxlamışam, kimdən istəsəniz soruşa bilərsiniz. Heç nəyini əskik etməmişəm.
- İndi gələk, ən əsas məsələyə. Gülnayənin əri İbrahim haqqında deyilənlər, hamını çaş-baş salır. İbrahimdə cinsi xəstəlik var?
- Oğlanlarım ikisi də 2-ci qrup əlildir. İbrahim haqqında deyilənlər də yalandır, mənim oğlum kişidir. Onda heç bir cinsi xəstəlik yoxdur, lazımdırsa, müayinə etdirə də bilərik.
Bir ana kimi ən böyük istəyim odur ki, Gülyanə tapılsın və hər şey üzə çıxsın. Lap müayinə olsun, görək qarşı tərəfin iddiası üzə çıxacaqmı? Əgər qız təmizdirsə, bir problemi yoxdursa üzə çıxsın, gizlənməsin. Ailəmə atılan şər-böhtan, rüsvayçılıqdan xilas olmaq istəyirik.
***
Saat: 11:41
Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.
Lent.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, hadisə Uzuntəpə kəndində baş verib. Baş vermiş hadisədə zərərçəkmiş şəxs 2004-cü il təvəllüdlü Şükürova Gülnayə Bəxtiyar qızıdır.
Rayonun Edişə kəndindən olan 17 yaşlı G. Şükürova 3 ay bundan öncə rayonun Uzuntəpə kəndində Mirzəyevlər ailəsinə gəlin köçüb. O, Mirzəyev İbrahim Cabir oğlu ilə ailə qurub. Lakin İ.Mirzəyev cinsi problemlərə görə ər funksiyasını yerinə yetirə bilməyib və G.Şükürovanın bəkarəti pozulmayıb.
Şükürovlar ailəsinin iddiasına görə, məsələnin bu cür olduğunu başa düşən Mirzəyevlər ailəsinin başçısı Cabir Mirzəyevin təklifi ilə digər oğlu Nicat Mirzəyev Gülnayənin razılığı olmadan ona təcavüz edib. Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülnayə özünü oldürmək istəyib, lakin qayınatası və qayınanası onu sakitləşdirib, hədə qorxu gəlib və bu hadisə haqqında heç yerdə danışmamağı tapşırıb.
Zorlanma hallarının dəfələrlə baş verdiyi müddətdə Gülnayənin öz ailəsi ilə ünsiyyətinə qadağa qoyulub. Bu da onun valideynlərində şübhə yaradıb. Bir neçə dəfə Gülnayə ilə əlaqə yaratmaq, onun halını-əhvalını soruşmaq istəsələr də, mümkün olmayıb. 1 həftə öncə isə Gülnayə öz ailəsinə telefonla mesaj yazmağa nail olub və başına gələnlərin hamısını xəbər verib. Bu mesajdan sonra isə o yoxa çıxıb.
Hadisəni öyrənən Gülnayənin ailəsi polisə şikayət edib. Qızın qardaşı Daxil Şükürov “Yeni Sabah”a açıqlamasında deyib ki, polis məlum olmayan səbəblərə görə nəticə əldə etməyə tələsmir: “Polis bölməsində işə baxılmır.
Onun sağ və ya ölü olduğu haqda heç bir məlumat vermirlər. Gülnayənin evdən getmək səbəbi qaynı tərəfindən təcavüz oub. Biz də kasıb ailəyik və nə edəcəyimizi bilmirik.
Biz o ailədən soruşuruq, dava edirlər, həyətdən qovurlar və polis çağırırlar. Deyirlər ki, xəbərləri yoxdur, Bakıya çıxıb gedib. Sən nə bilirsən Bakıya gedib? Amma hiss edirik ki, doğru danışmırlar. Gülnayə bizə mesaj yazdı və başına gələnlərin hamısını bildirdi.
Polisdə isə bacımın telefonu və telefon siqnalı nəzarətə götürülməyib. Gülnayənin yaxınları, onu tanıyan şəxslər və son dəfə görə biləcək şəxslər araşdırılmayıb və dindirilməyib. Onun gəlin köçdüyü ailənin üzvlərindən bütün lazımi məlumatlar alınmayıb. Halbuki, ona təcavüz edən Nicat Mirzəyev dəfələrlə bu əməlini kənddə başqa-başqa adamların yanında danışıb. Bununla belə, onun barəsində heç bir hüquqi tədbir görülməyib. Bir neçə dəfə polis bölməsinə çağrılıb, sonradan müəmmalı səbəblərdən sərbəst buraxılıb”.
Hadisəni araşdıran Cəlilabad rayon Polis İdarəsinin tədqiqatçısı Nasir Nəsirli bildirib ki, hazırda iş üzrə araşdırma aparılır:
“Hadisə ilə bağlı itkin düşmə üzrə iş açılıb və axtarış aparılır. Əlaqəli şəxslərin izahatları alınıb. Qanunun tələb etdiyi bütün tədbirlər görülür”.
Təcavüzlə bağlı deyilənlərə gəldikdə tədqiqatçı bu iş üzrə də araşdırma aparıldığını bildirib: “Xanım tapılandan sonra əgər fakt təsdiqini taparsa, o zaman cinayət işi açılacaq”.
Qaynı tərəfindən təcavüzə məruz qaldığı iddia olunan və itkin düşən Gülnayə Şükürovanın qardaşına yazdığı son mesaj da ortaya çıxıb.
Mesajda Gülnayə qardaşı Daxil Şükürova başına gələn bütün hadisələri danışır. Onun sözlərinə görə, qaynı Nicat Mirzəyiv bir həftə əvvəl Gülnayə evdə tək olarkən ona təcavüz edib. Gülnayə nə qədər müqavimət göstərməyə çalışsa da, Nicat güc tətbiq etdiyi üçün hadisəyə əngəl ola bilməyib. Daha sonra o, bildirib ki, Nicatın səsini qeydə alaraq həyat yoldaşı İbrahimə göstərib, lakin İbrahim məsələdə səssiz qalmağı seçib. Hadisəni xəbərdar olan qayınana Solmaz Mirzəyeva və qızları isə Gülnayəyə susması üçün təzyiq göstəriblər.
Gülnayə son olaraq qardaşı Daxil Şükürovdan üzr istəyərək bu ləkə ilə kənddə yaşaya bilməyəcəyini və buna görə də uzaq bir yerə köçəcəyini bildirib. Həmçinin ailəsindən isə onu axtarmamasını tələb edib.
Qeyd edək ki, bir müddət öncə G.Şükürovanın itkin düşməsi ilə bağlı Lent.az-da məlumat vermişdik.